• Azərbaycan Cümhuriyyətinin xaricə tələbə göndərməkdə məqsədi nə idi?
• 102 tələbənin sonrakı taleyi necə oldu?
• Cümhuriiyət yıxıldıqdan sonrakı ağır illərdə xaricdəki tələbələrimiz hansı əzabları, məşəqqətləri yaşadılar? Kimlər həbs olundu, kimlər intihar etdi?
• Müstəqil Azərbaycandan yola salınmış gənclərdən Sovet imperiyasına qayıdanlar, qayıda bilməyənlər, qayıtmaq istəməyənlər kimlər idilər?
• Qürbət diyarlardan qayıtmayanların başına nələr gəldi?
• Vətənə dönmüş yüksək ixtisaslı mütəxəssislər öz istedad və bacarıqları ilə ölkənin yüksəlişinə necə xidmət etdilər və kommunist rejimi bu milli kadrları niyə və necə məhv etdi?
• Güllənənənlər, "dünyanın o başına" ölümə, "gedər-gəlməz"ə göndərilənlər, ailəsi dağılanlar, nəsli kəsilənlər barədə nələri bilmirik?
• Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda çarpışan hansı tələbələr şəhid oldu?
Dünyanın məşhur arxivlərinin materialları əsasında yazılmış və 15 illik zəhmətin məhsulu olan bu kitabda indiyədək heç yerdə rast gəlmədiyiniz çox maraqlı faktlarla, materiallarla qarşılaşacaq, əksəriyyəti ilk dəfə dərc olunan nadir sənədlərlə, fotoşəkillərlə tanış olacaqsınız...
"Fikrimcə, bu əsər təhsil tariximizə dair Azərbaycanda indiyədək yazlmış ciddi monoqrafiyalardandır. əsərin qiymətli cəhətlərindən biri də qələmə alınmış hər fikrin inkaredilməz sənədlərlə əsaslandırılmasıdır".
Yaqub MAHMUDOV,
AMEA Tarix İnstitutunun direktoru, ANEA-nın müxbir üzvü
"Bu, ciddi elmi monoqrafiya olsa da bədii əsər kimi maraqla oxunur. Müəlliflər əslində mümkünsüz görünən bir işi gerçəkləşdiriblər-əsərdə tələbələrin hər biri haqqında ayrıca bioqrafik məlumat verilib, indiyədək əl dəyməmiş yüzlərlə arxiv sənədi üzə çıxarılıb! Azərbaycan arxivlərinə verdiyim sənədlərdən də gen-bol istifadə edilməsindən, əlbəttə, qürur duyuram".
Ramiz ABUTALIBOV,
UNESCO-nun keçmiş şöbə müdiri
"Titanik əməyin məhsulu olan bu kitabda biz yalnız 102 tələbənin taleyi ilə deyil, XX yüzilin birinci yarısındakı Azərbaycan ziyalılığının tarixi ilə də tanış oluruq".
Teymur KƏRİMLİ,
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,
AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik