“Uğurun qanunu” – həyatda müvəffəqiyyət qazanmaq haqqında olduqca populyar kitablar müəllifi Napoleon Hillin əsas əsəridir. Müəllif bu kitabda Amerikanın çox vaxt sıfırdan başlamış, “taleyin zərbələri universitetləri”ndə təcrübə toplamış ən görkəmli biznesmenlərinin həyatını və qazandıqları nailiyyətləri təhlil edərək vurğulayır ki, “uğuru tutmaq olmaz”, ona “ümumdünya cazibə qanunu kimi dəyişməz olan qanunları mənimsəyərək və tətbiq edərək” çatırlar. “Həyat döyüşündə qalib gəlməyə kömək edən” qanunların öyrənilməsinə həsr olunan bu əsərdə oxucu uğurun bütöv fəlsəfəsini tapacaq. Bu fəlsəfənin əsasında “müvəffəqiyyətə gedən yolda əsas maneə olan şəxsi zəifliklərin öhdəsindən gəlmənin strategiyası” durur və müəllif öz-özünü tərbiyələndirmə ilə bağlı psixoloji sistemə uyğun ardıcıllıqla bir çox faydalı məsləhətlər verir. Hill “həyat dənizində məqsədsiz üzənlərin” “mürgüləyən imkanlarını” oyatmağa, öz talelərinin kapitanı olmağa çağırır, çünki “insanın nə istədiyini bilməsi müvəffəqiyyət qazanmaq uğrunda döyüşdə qələbənin tam yarısıdır”. Müəllif əyani misallar gətirir, öz başına gələn, son nəticədə ona “özünü kəşf etməyə”, qabiliyyətini tapmağa kömək edən hadisələrdən bəhs edir.