Sonuncu şahidlər - Svetlana Aleksiyeviç - SizinKitab
SizinKitab

Sonuncu şahidlər - Svetlana Aleksiyeviç

Əsas qiymət 11.20₼
/

Sonuncu şahidlər - Svetlana Aleksiyeviç - SizinKitab

"Mən quru tarixi fakt və hadisələri qələmə almıram. Mən insani duyğuların, insanların yaşadığı hisslərin tarixini yazıram. Bu tarixi "itirilmiş keçmiş" də adlandırmaq olar. İnsan bu hadisələr zamanı nə haqda düşünür, nəyi dərk edir, nəyi xatırlayırdı?! Nəyə inanır, nəyə inanmırdı?! Onun arzuları, xəyalları, ümidləri necə idi, qorxusu nədən idi?!... Mən bunlar haqda düşünürəm... Bu, insan ruhunun tarixidir..."

Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç

"Sonuncu şahidlər"... Müharibə və insan taleyi mövzusundakı əsərləri ilə məşhurlaşan tanınmış Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç II Dünya müharibəsi cəhənnəmindən keçən 5-12 yaşlı uşaqları belə tanıyır və tanıtdırır. Bu uşaqlar insan əzabları ilə, qanla, ölümlə yoğurulan o məşum tarixi hadisələrin təkcə sonuncu şahidləri yox, həm də ilk qurbanlarıdır.
Əsərdə sovet uşaqlarının və qadınlarının ürək dağlayan aqibətindən, onların qan, ölüm, itki, faciə və dəhşət dolu ağır həyatından söhbət açılır. Müəllifin sənədli povest janrındakı bu əsərində hər şey gerçəkdir. Burada heç bir bədii təxəyyül məhsulu yoxdur. Əsərin qəhrəmanları müharibənin bütün dəhşətlərini öz gözləri ilə görmüş, aclıq çəkmiş, ata-anası, nənə-babası, bacı-qardaşı, dostları, qonşuları gözlərinin qabağında güllələnmiş, asılmış, diri-diri yandırılmış azyaşlı uşaqlardır.
Müharibə od-alovundan keçən uşaqlar artıq uşaq sayılmır. Onlar müharibənin məsum qurbanlarıdır. Onlar uşaqlığı əlindən alınmış uşaqlardır...
"Gördüm ki, qucağında körpəsi olan bir ananı avtomatın qundağı ilə vurub uşağını əlindən aldılar və tonqala atdılar..."
"Əsirləri kəndimizin ortası ilə aparırdılar. Onlar dayandıqları yerlərdə ağacların qabığını yeyirdi. Hansısa əsir əyilib yerdən ot qoparıb yemək istəyəndə isə onu dərhal güllələyirdilər..." - həmin uşaqlar o günləri belə xatırlayır...
"Sonuncu şahidlər" müharibənin və ölümün, aclığın və insani əzabların, yetimliyin və ümidsizliyin, faşizmin və hər cür antibəşəri əməllərin hələ oyuncaqla oynamaq yaşında olan uşaqların sözü və gözü ilə çəkilən şəklidir. Retuşsuz və boyasız şəkli...

Azərbaycan dilində

Bərk üz qabığı

316 səhifə